Virus proqramları

Article on other languages:

Virus proqramları və ya kompüter virusları - müxtəlif vasitələtlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus proqram özünü təxminən bioloji virus kimi aparır: çoxalır, maskalanır və ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir).

Virus özgə disketlərdən, elektron poçt və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazim olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir.

Mündəricat

Tarixi

Kompüter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır. «Kompüter virusu» termini 1984-cü ildə ABŞ-da keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi.

Virus proqramlarının təsnifatı

Virusları aşağıdakı əlamətlərə görə təsnif etmək olar:

  • yaşayış mühitinə görə: fayl virusları (com, exe, bat, doc virusları), yükləmə virusları, makro viruslar;
  • yaşayış mühitini yoluxdurma üsuluna görə: rezident və qeyri-rezident;
  • əməliyyat sisteminə görə: MS-DOS virusları, Windows virusları, *NIX virusları və s.;
  • destruktiv imkanlarına görə: ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli;
  • virus alqoritminin xüsusiyyətlərinə görə: «tələbə» virusları, kompanyon-viruslar, «soxulcanlar» (worm), «stels»-viruslar («görünməz» viruslar), «polimorf»-viruslar (özüşifrlənən viruslar), şəbəkə virusları və s.

Virusların yaradılması

Hər gün 10-15 yeni növ virus meydana çıxır. Virusların miqdarı həndəsi silsilə üzrə artır. Bunu statistika və real həyat təsdiq edir. 1990-cı ildə təxminən 500 virus, [[1992[[-ci ildə - 3 000, 1994-cü ildə - 5 000, 1996 – 9 000, 1999 – 30 000, 2001 – 50 000, 2004-cü ildə 112 000-dən çox virus məlum idi.

Kompüter viruslarının sayının artması ilk növbədə onunla bağlıdır ki, proqramlaşdırmanı bir qədər öyrəndikdən sonra istənilən şəxs virus yaza bilər. Bu işdə ona leqal və qeyri-leqal ədəbiyyat, virusların yazılması üçün xüsusi proqram təminatı kömək edə bilər. Hətta müxtəlif mutasiya generatorları mövcuddur ki, birinci kurs tələbəsinin yaratdığı sadə virusdan onun köməyi ilə mürəkkəb virus yaratmaq olar.

Virusların yayılması

Şəbəkə və kommunikasiya texnologiyalarında hər bir yenilik virusların yaradılması və yayılması üçün yeni imkanlar, yollar açır. Yaxın vaxtlara kimi viruslar disketlər və digər daşıyıcılar vasitəsi ilə yayılırdı, İnternet viruslar üçün geniş magistral açdı. Kompüter virusları İnternetdə bioloji virusların real dünyada yayıdmasından daha sürətlə yayılır. 2003-cü ildə Slammer "soxulcanı" 10 dəqiqə ərzində 75 min kompüter yoluxdurmuşdu.

1999-cu ildə ilk dəfə dünya miqyasında virus epidemiyası yaranmışdı. Melissa virusu on minlərlə kompüteri yoluxdurmuş və 80 milyon dollar ziyan vurmuşdu. Bu insidentdən sonra dünyada antivirus proqramlara böyük tələb yarandı. 2000-ci ilin mayında Melissanın rekordunu bir neçə saat ərzində milyonlarla kompüteri yoluxdurmuş I Love You! virusu təzələdi. Praktik olaraq virusla "yoluxdurmaq" mümkün olmayan fayl növü qalmamışdır. Artıq mobil telefonları və proqram təminatından istifadə edən dizər qurğuları yoluxduran viruslar da sürətlə yayılır.

Virus müəllifləri təkcə texnoloci zəifliklərdən deyil, "psixoloci" zəifliklərdən də istifadə edirlər. Tədqiqatlar göstərmişdir ki, Anna Kournikova, Sean Connery, Julia Roberts, Elvis Presley Lives, Explicit Hot Porn kimi viruslardan əziyyət çəkmiş hər beşinci İnternet istifadəçisi edilmiş xəbərdarlıqlara baxmayaraq həmin adlı qoşma faylları açmışdılar.

Virus proqramlar 3 məqsəqlə yaradılır: intiqam, kommersiya, özünü təsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Asembler proqram dilində yazılır.

Mənbə

Y. N. Imamverdiyev, "İnformasiya təhlükəsizliyi", AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu‎

Həmçinin bax

Xarici keçidlər


This article is from Wikipedia. All text is available under the terms of the GNU Free Documentation License.